.
.

Posts Tagged ‘serler’

SƏNƏ MƏKTUB YAZIRAM – İradə Aytel



Gecəm səhərə canlı,

Otağım qara donlu,

Nə ruham, nə də bir quş,

Yar sarı uçamıram,

Gözlərim qanlı… qanlı.

Xəyalın necə dolaş,

Xəyalın neçə yönlü.

Xəyalında azıram,

Sənə məktub yazıram.

 

Əl uzatsam gendəsən,

Dünənimdə…

Öndəsən?!

Yolumuz elə uzaq…

Yolumuz bircə qarış.

Telimdəki dəndəsən,

Ah bu sevinc (?!), məndəsən!

Taleyimiz mürgülü,

Taleyimiz küsülü,

Mən barışdım, sən barış.

Tarımsan  – sarı simli,

Yarımsan –

Yarı tənli

mənəm!

Yenə dözürəm,

Sənə məktub yazıram!

 

Adın dilimdə düyün,

Dərdlərim löyün-löyün.

Arada bir möcüzə,

Arada Çin səddi var!

Qışım aşamaz yaza

Hər fəslin öz həddi var!

Ay zalım fələk, sevin,

Ay aci həsrət, sevin!

Ay qara gecəm, öyün.

Kim deyər bənövşənin

Payız çağı qəddi var?!

Bənövşəm, qəlbi şüşəm,

Qar altda qaldı rişən.

Büküldü qamətində

Xəyalındakı gülşən.

Ağıma qol götürüb,

Fəryadıma süzürəm,

Sənə məktub yazıram!

 

Azmışdım baxışında,

Azmışdı baxışın da,

Gözlərimə baxmışdı,

Ürəyimi yaxmışdı.

Ah o qamət, o vücud,

O sevgi, o ehtiras

Çıxarardı alov, od

Sinəsindən daşın da.

Ovladın ovun oldum,

Oxladın…

Ovunurdum

Qaranquş vüsalında,

Çırpınırdım qolunda.

Qış gəldi…

Uçdun, uçdun,

Içildim bircə udum.

Ilk qədəmim səniydin,

Yol aşdım bircə addım.

Təngidim yoxuşunda,

Üşüdünmü qışımda?!

Qar yağdı sinəm üstə…

Bu bakirə gecəni

Ayaqlayıb, əzirəm,

Sənə məktub yazıram.

 

Qapımı heç döymədin,

Sinəm dərddən döymədi.

Elə üzülmüşəm ki,

Canımda can verir can.

Bax, yenə sökülür dan,

Taqət nədi, hey nədi…

Bu gecədə göynədi,

Yerlər nədi, Göy nədi…

Axdı gözlərimdən qan.

Son dayanacaq ümid,

Sonda yanacaq ümid.

Sən dayan, ancaq ümid…

Mənim ol,

Sənin olum.

Son olsun,

Sonum olsun.

Qoy mürəkkəb əvəzi

Tökülən qanım olsun.

Axsın sinənə sarı,

Yaramı son kəz sarı.

Qollarında can versəm,

Edərəm bu yazı ram,

Sənə məktub yazıram!

Sənə məktub yazıram!

02.03.11.

IRADE AYTEL

Şəfəq Azəri – Qiymət alacaq…



Qəlbim təmiz oldu,
niyyətim də saf.
Hər kəsə dost kimi,
baxar oldum mən.
Kimsəyə pis olsun…
mənəsə yaxşı??!!
Düşünmək belə,
istəmədim mən.
Əzəldən bəri,
kimsəyə bəd demə!
O kimsə dediyin,
mənə yad olsa da.
Allaha yad deyil,
sənə yad deyil.
Axı hər birimiz,
insan övladı.
Axı hər birimiz,
Allah bəndəsi.
Sadəcə bu dünya,
Adəmdən bəri.
Şeytana qul olub,
Allahı unudub.
Yaxşını unudub,
qalıb nankor.
Yaxşı bəndələrin
yeri var göydə.
O yaxşı yolda,
O düz əməldə.
Yaşayan yaşayır,
yaşayacaq da…
İnanır inanan,
görür yaradan.
Hər kəs əməlinə
qiymət alacaq
Sadəcə bu günü,
sabahı var ya…

Habil Yaşar – Çəkirik

Bu dünyada kim nə bilir,kim nə çəkir,
Bilinməzi kimsə bilməz,kimsə çəkir,
Mən çəkirəm,sən çəkirsən,o da çəkir,
Çəkiləsi sevinc deyil,dərd çəkirik.

Bu dünyada insanlığın üzü qara,
Beş sözünün ikisi ağ,üçü qara,
Öz rəngindən utanıbdı özü qara,
Bəyazı da qaralayıb,xətt çəkirik.

Bu dünyada kim deyir ki,azdı yanan,
Yüz illərdi Kərəm üçüm sazdı yanan,
Doğulandan ölənədək sızıldayan,
Könüllərin gülüşünə sədd çəkirik.

Nigar Duyğu – Unutmazsan

Unutmazsan,
onu düşünərsən,
Sözlərini, gözlərini,
İstiliyini hissedərsən, gözlərindən süzülən yaşlar sayəsində,
Gülümsədiyi gələr gözlərin önünə, yenə xatırlarsan,
Unudular deyərsən?
Anamızın südünün dadını unutduğumuz kimi?
Xatırlamazsan yaşadıqlarını, bəlkə xatırlamaq istəməzsən…
Uğrunda canımızı fəda etdiyimiz sevgi ve sevgiılini…
Qəlbinə kilid taxıb, özünə söz verərsən,
xatırlamazsan,
İçini əridən sevdiyin gözləri belə
Gələcəklə bağlı planlar, xəyallar qurmazsan,
Küsərsən yaşadıqlarına,
Qarşısından keçdiyiniz an dönüb ağldığıniz küçə,
Xatırladacaq onu..
Yenə unudarsan deyirsən.
Amma ….
Unudula bilərsən, ama unutmazsan….
unutmazsan, unutmazsan

Eh, ayrılıq! – Aynur Adil

Sən gəldin. Şirin bir yuxu kimi,
bir gecəlik qonaq kimi.
Niyə tez gedirsən?
Bu qədər asandır sənə ayrılıq?
Axı mən sənsiz yaşaya bilməyəcəm.
Bunu indi anladım.
Sənsiz qaldığım ilk gecədə.
Dünəni xatırladım…
Birlikdə sahil boyu gəzməyimizi,
ağaclıqların arasında,
otların üzərində bardaş qurub oturmağımızı,
gözlərimə baxmağını, əlimdən tutmağını,
o şirin öpüşünü…
Birlikdə olduğumuz hər anı,
hər saniyəni unuda bilmirəm.
Axı niyə səni bu qədər sevirəm, niyə?
Hardan gəldin həyatıma?
Sevginin nə demək olduğunu
anlmadığım bir zamanda sevdim səni,
həm də dəlicəsinə.
Sahildə oturduğumuz gün yadıma düşdü nədənsə.
Əl-ələ içərişəhəri gəzməyimiz.
Qız qalasına çıxmağımız.
Pilləkənləri çıxarkən məni qucaqlayıb öpməyin.
Mən niyə səndən doya bilmirəm?
Sənə olan sevgim hər gün, hər saniyə artır…
Axı niyə gedirsən?
Məni yenə də sənsiz qoyub gedirsən.
Yenə gecələr sirdaşım xəyallar olacaq.
Yenə sənin xəyalınla sevişəcəm.
Ancaq yenə də sevinirəm.
Əvvəllər səndən mənə qalan yalnız sevgindisə,
indi şirin xatirələrin də var məndə.
Həyatı yenidən yaşasaydım,
inanki yenə də səni sevərdim.
Sənsiz necə yaşayacam?
Çox qorxuram.
Gedibdə bir də gəlməyəcəyindən qorxuram.
Şirin xatirələri özünlə aparmağından qorxuram.
Ah, kaş sənlə olan anlarım heç bitməzdi.
Kaş məni də özünlə apara biləydin.
Kaş heç bir zaman səndən ayrılmayaydım.
Eh, ayrılıq, niyə gəldin?
Gözlənilməmiş qonaq kimi,
qapını döymədən, icazə alamadan gəldin.
Niyə bu qədər insanfsizsan, ayrılıq?
Niyə paxıllıq etdin sevgimizə?
Sənin gəlişinin hər kəsə acı gətirdiyini bilirdim,
amma bu qədər olduğunu təsəvvür belə etməzdim…
Bəlkə də sənin haqqında deyilənlər yalan imiş.
Sən dünyada ən yaxşı qonaqsan.
Sən gəlməsəydin mən sevginin dadını xatırlamayacaqdım,
xatırlayıb da ürəyimə həkk etdim indi.
Sevgilimin üzünü, səsini, gözlərini
dodaqlarını ürəyimə həkk etdim sən gələndən sonra.
Əsl rəssam kimi çəkdim onu qəlbimin içinə.
Nə dənizin dalğaları silə biləcək, nədə insan əli…

MƏN KÖVRƏLMƏK İSTƏMİRƏM – Afaq Şıxlı

Mən kövrəlmək istəmirəm…

Dodağımı sıxa-sıxa dişlərimin arasında

Dondururam göz yaşımı gözlərimin qarasında.

Mən kövrəlmək istəmirəm…

Ağlamıram – düşünürlər çox güclüyəm,

Düşünürlər yoxdu dərdim.

Bilmirlər ki, bir dost olsa

Sirlərimi, dərdlərimi mən onunla bölüşərdim.

Daha məni qoy bəxtəvər sanmasınlar!

Zirvələrə ucaltdığım kimliyimə

Qibtə edib için-için yanmasınlar!

Adı varmı kimliyimin?

Arifəmmi, nadanammı?

Sətir-sətir nəğmələri sinəsində yatıb qalan

Şairəmmi, loğmanammı?

Yorulmuşam…

Mən bir çiyin istəyirəm söykənərək ağlamağa…

Gücüm çatmır zaman-zaman

Məni sıxan hislərimi ürəyimdə saxlamağa.

Kaş ki mən də heç duymasam…

Kaş ki mən də cahil olsam…

Şad gəzərdim çoxlarıtək çox şeyləri anlamasam.

Yeyib-içsəm, geyinsəm şıq…

Düşünsəm ki, bitən deyil

Bu dəbdəbə, bu yaraşıq…

Düşünsəm ki,

Pulum varsa – qüdrətliyəm,

Pulum varsa – hörmətliyəm.

Düşünsəm ki, dünya mənim, mənim həyat…

Amma, heyhat!

Bu da bir yük –

Anlamaq ki, biz – kiçiyik, dünya -  böyük!

ALATORAN – Nuranə Nur

Həqiqətlər tük ürpədir
Yalanlar könül açıb,
ümüd bağlayırlar heçə.
İndiki zamanın tərs üzünə çevrilmiş
rəngsiz yuxularım dindirir məni hər gecə.
Uşaqlıq xatirələrimdi
qorxa-qorxa o qaranlıq otağın küncünə
qısılıb ağlayan.
Uşaqlıqda qorxardım qaranlıqlardan
İndi qaranlıqda
qaranlığı görə bilmədiyim üçün qorxuram.
Hər gözlərimi yumanda
nəfsimin çəkdiyi o rəsmlə qarşılaşıram.
Nə qədər istəsəm belə o an,
Səssizliyimin səsinə toxuna bilmirəm.
Bacarmıram,
Yaza da bilmirəm artıq.
Tir-tir titrəyən qələmin canı əlimdən qurtulub,
Onsuz da pəltək şeirimin
Qorxudan dili tutulub.

YAMAQ – Nuranə Nur

Bir bağlı qapı arxasına söykənib,
Yamağı sökülmüş həyatıma
yeni yamaq vururam.
Tikişlərin gözəlliyinə-
yəni uydurduğum yalanların saflığına
ən çox özüm inanıram.
Mənə ümüd olanlar
hər gün ümüdlərinin yerini dəyişirlər
axşamdan-sabaha
sabahdan-axşama.
Öz eyibinə kor olan hamı kimi
baxıram mən də olanlara.
Dualarıma güvənib,
Günahlarıma sığınıram.
Xəyallarım bir-birinə dost,
Düşüncələrim düşmən olub,
savaşmaqdan yorulmayan.
Bütün bağlı qapılardan keçə bilən
bir zaman var hərəkəti duyulmayan.
Özüylə çox şey daşıyır ,
Kim bilir nələr çəkir,
necə yaşıyır?
Bəlkə ölüm də özünə ölüm istəyir o an.
Bağlı qapı arxasına söykənib
yamağı sökülmüş həyatıma
yeni yamaq vururam.
Yaşamadığım hisslərim bağışlasın məni.

Oğru olmaq istəyirəm

Qoy milislər eşitməsin ,
Qorxulu bir sirr deyirəm :
Çoxdandır ki bir arzum var ,
Oğru olmaq istəyirəm !…
İnsanların arasından
Əqidəsiz adamları ,
Vicdanını pula satan
Nadanları
Oğurlamaq istəyirəm !
Bu torpağın gündən – günə ,
Niyə artır dərdi – səri …
Dövlətlərin arasından
Sərhədləri
Oğurlamaq istəyirəm !
Axı , nə iş görmüşəm ki ,
Oğurluq da işdi barı .
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm !…
Birisini yıxmaq üçün
İkisinin ülfətini ,
İnsanların ürəyindən
Hər kinini , nifrətini ,<br Yalanını bundan ona ,
Ondan buna satanları ,
İki sevən arasında
O üçüncü adamları
Oğurlamaq istəyirəm !
Araz axır …
O taydan da insan baxır ,
Bu taydan da insan baxır ,
Neçə milyon gözüyaşlı əzizimi ,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm !
İndi neçə dövlətlərdən
Məzlumların ah – zarını ,
Yad torpaqda yatıb qalan ,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Fizulinin ,
Hələbdənsə Nəsiminin
Məzarını
Oğurlamaq istəyirəm .
Nə gizlədək ,
Bilir hamı
Tonqal çatıb yandırırlar
Bu cahanı .
Qəlbim deyir :
Bir Azəri məsəlini
yadına sal:
<< Oğrudan oğruya halal !… >>
Prometey oğurlayıb
İnsanlara verən odu
Oğurlamaq istəyirəm !
Lap qəzəbi tutsa belə
Yerin mənə , göyün mənə
Nə deyirsiz deyin mənə
Oğru olmaq istəyirəm !!!

Dünən toyun idi

Sağlıqlar deyildi çığır-bağırla,
Üşüyən qəlbinə girən oldumu?
Gözündən qəlbinə düşən cığırla,
Axan göz yaşını görən oldumu?

Sağlıqlar uzandı… səhərə kimi,
Çalıb-oynadılar, kef eylədilər
Çırpıb pillələrə son ümidimi
“Vağzalı” üstündə dəfn eylədilər

Son ümid! O mənim gərəyim idi…
Yoluna şam tutdu necə qız-gəlin,
Şam deyil! O mənim ürəyim idi:
Son dəfə yanırdi yolunda sənin.

Getdin… O köhnə yol nur yolu idi.
Izin düşən yerdə gül acmadı ki?
Özgəylə kecirdin o yolu indi,
Ayağın altından yer qaçmadı ki?

Bu yollar nə yaman vəfasız imiş,
Niyə çiliklənib tökülmədilər
Düşüb qədəminə hər eniş,yoxuş,
Niyə ürəyimə cəkilmədilər…

Başına gül-çicək səpdilər o gün,
Alışan qəlbinə su səpmədilər.
“Get” deyib alnından öpdülər o gün,
Sınıq taleyini düzəltmədilər….

Güldün… Gülüşünün ömrü cox qısa
Bir həsrət axırdı qanında sənin.
Orda bütün yerlər tutulmuşdusa
Yerim görünürdü yanında sənin

Dünən toyun idi… Xoşbəxt olasan!
Görünür bu bizə qismət deyilmiş
Unut! Elə bil ki sevdiyin oğlan
Getdiyin oğlanmış. Nüsrət deyilmiş…

(Nüsrət Kəsəmənli)